“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Sədərəkdə durğunluq... - Ticarət Mərkəzində satışlar niyə dayanıb?

Tarix 28.11.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Bir vaxtlar paytaxtın ən çox üz tutulan ticarət məkanlarından biri olan “Sədərək” Ticarət Mərkəzində alıcılığın azalması və sahibkarların üzləşdiyi çətinliklər müzakirə mövzusuna çevrilib. İcarə haqları, alıcılıq qabiliyyətinin zəifləməsi və ticarət dövriyyəsinin azalması sahibkarların fəaliyyətinə mənfi təsir göstərən amillər kimi göstərilir. Digər tərəfdən, onlayn alış-verişin genişlənməsi, yeni ticarət mərkəzlərinin yaranması və qiymət rəqabəti ənənəvi bazarların mövqeyini zəiflədə bilər.

“Sədərək”də alıcı sayının azalmasının əsas səbəbləri hansılardır? Ənənəvi bazar ticarəti onlayn satış və dəyişən istehlakçı davranışı fonunda əvvəlki mövqeyini bərpa edə biləcəkmi?

Bazarda fəaliyyət göstərən sahibkarlar da son dövrlərdə alıcı sayının azaldığını, əvvəlki dövrlərlə müqayisədə satışların zəiflədiyini təsdiq ediblər.

Ticarət mərkəzində mağazası olan sahibkar R.Məmmədov “AzPolitika”ya açıqlamasında deyib ki, alıcıların xərclərinə daha ehtiyatla yanaşması gündəlik satışlara təsir göstərir.

Onun sözlərinə görə, insanlar əvvəlki kimi çox alış-veriş etmir, əsasən zəruri məhsulları almağa üstünlük verirlər: “Gün ərzində elə olur ki, heç müştərim olmur. Kirayə qiymətlər baha, baha olmayan, qiyməti artmayan nə qalıb ki”?

Digər sahibkar, N.Əliyev isə onlayn alış-verişin genişlənməsinin də ənənəvi ticarətə təsir etdiyini düşünür: “Əvvəllər ticarət mərkəzinə gələn, mağazalara baş çəkən camaatın bir qismi indi məhsulları internet üzərindən sifariş edir, bu isə satış imkanlarına mane yaradır. Qiymətlər günü-gündən qalxır, dolanışıq çətinləşib. İnşallah ki, vəziyyət düzələr, amma hazırkı vəziyyət ürəkaçan deyil”.

Ümumi olaraq, sahibkarlar müştəri sayının azalması, artan xərclər və vergi yükünün fəaliyyətlərinə təsir göstərdiyini deyirlər. Alıcılar isə məhsulların qiymətindən narazıdırlar. Ticarətdə müşahidə olunan bu durğunluğun yalnız adıçəkilən bazarlarla məhdudlaşmadığı, digər satış məkanlarında da özünü göstərdiyi iddia olunur.

Mövzunu saytımıza şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Sədərək ticarət mərkəzinin fəaliyyətində müşahidə olunan zəifləməni yalnız həmin ticarət obyektinin özünə aid məsələ kimi qiymətləndirmək doğru olmaz.


Onun sözlərinə görə, post-pandemiya dövründən etibarən ölkədə istehlakçı davranışlarında dəyişikliklər daha qabarıq şəkildə müşahidə olunur: “Bu dəyişikliklərdən biri də iqtisadi terminologiyada “qənaət paradoksu” kimi xarakterizə olunan tendensiyadır. Xərclərin gəlirlərlə müqayisədə artması vətəndaşları əlavə, eləcə də zəruri olmayan alışlardan çəkinməyə vadar edir. İnsanlar gündəlik xərclərinə daha ehtiyatla yanaşır, istehlaklarını məhdudlaşdırmağa çalışırlar. Bu isə iqtisadi baxımdan arzuolunmaz nəticələrə səbəb ola bilər. Gəlirlərlə xərclər arasındakı balansın pozulması, əlbəttə ki, bazar münasibətləri və iqtisadiyyat üçün istənilən vəziyyət deyil. Vətəndaşlar istehlak aktivliyini azaltdıqca, bazarda fəaliyyət göstərən biznes subyektləri də bundan təsirlənir. Çünki müəssisələrin sabit xərcləri var və dövriyyənin, gəlirlərin azalması həmin xərclərin qarşılanmasını çətinləşdirir. Nəticədə alıcılıq qabiliyyətinin və ticarət dövriyyəsinin azalması müşahidə olunur”.

İqtisadçı Sədərək ticarət mərkəzindəki vəziyyətə təsir edən digər amilin elektron ticarətin genişlənməsi olduğunu da vurğulayıb: “Bu tendensiya yalnız Sədərək ticarət mərkəzinə deyil, ümumilikdə ənənəvi ticarət şəbəkələrinə təsir göstərir. Müxtəlif mağaza və ticarət şəbəkələrinin elektron platformalar üzərindən fəaliyyətini genişləndirməsi, məhsulların onlayn sifariş və çatdırılma imkanlarının artması istehlakçıların alış davranışlarını dəyişdirir. İnsanlar artıq bir çox məhsulu mağazalara və ticarət mərkəzlərinə getmədən, elektron platformalar vasitəsilə daha rahat əldə edə bilirlər”.

“Bu amilin təsiri ilə ənənəvi ticarətdə müəyyən azalma müşahidə olunur. Lakin bunu birbaşa Sədərək ticarət mərkəzinin zəifləməsi ilə əlaqələndirmək düzgün deyil. Düşünürəm ki, Sədərək Azərbaycanda ticarət sektorunun mühüm mərkəzlərindən biri olaraq qalır və gələcəkdə də bu rolunu davam etdirəcək”, – deyə Fuad İbrahimov fikirlərini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 64




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap